Əhddə möhkəmlik duaları (#4731)

Alqış Sənə, Ey əbədiyyət Sultanı, ümmətlərin Xaliqi və hər bir çürümüş sümüyə şəkil Verən! Sənin O Adına and verirəm ki, Onunla bütün insanları Öz əzəmət və cəlal üfüqünə çağırdın və bəndələrini fəzl və lütfünün sarayına hidayət etdin – məni o kəslərlə bir sıraya yaz ki, Səndən başqa hər şeydən özlərini ayırdılar, üzlərini Sənə tutdular və qəzavü-qədərin müsibətləri onların Sənin bəxşişlərinə can atmalarına mane olmadı.

Mən Sənin kəramət dəstəyindən yapışmışam, İlahi, Sənin lütfünün libasının ətəyindən tutmuşam. Elə isə, Sənin kəramət buludundan onu yağdır ki, məni Səndən başqasının zikrindən pak etsin və məni qadir eylə ki, bütün bəşəriyyətin Qibləsi olan Kəsə yönəlim, O Kəs ki, Sənin əhdini pozan, Sənə və Sənin əlamətlərinə inanmayan nifaq əhli Onun əleyhinə qalxmışlar.

Sənin günlərində Öz libasının şirin rayihələrindən məni binəsib qoyma, İlahi və Camalının nurunun aşkara çıxdığı Zühurunun nəfəsindən məni məhrum etmə. Sən istədiyini etməyə Qadirsən. Heç nə Sənin iradənə qarşı çıxa və Sənin Öz qüdrətinlə istədiyinə mane ola bilməz.

Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.

-Bahá'u'lláh
-----------------------

Əhddə möhkəmlik duaları (#4732)

O, Qüdrətli, Əfv Edən və Şəfqətlidir! Ey Allah, mənim Allahım! Sən bəndələrinin azğınlıq və xəta çölündə sərgərdan qaldığını görürsən; haradadır Sənin hidayətinin nuru, Sən, Ey aləmin Məqsudu? Sən onların acız və köməksiz olduğunu görürsən; haradadır Sənin qüdrətin, Sən Ey göyün və yerin qüvvələrini ovcunda Saxlayan?

Səni and verirəm, Ya Rəbb, mənim Allahım, Sənin inayət günəşinin şəfəqlərinə, elm və hikmət dəryanın dalğalarına və Sənin o Kəlamına ki, onunla səltənətinin əhlinə hakimlik etdin – mənə izn ver, o kəslərin arasında olum ki, Kıtabında əmr etdiklərini yerinə yetirməyə nail oldular. Və Öz əminlərinə nəsib etdiklərini mənə də nəsib eylə, o kəslər ki, Sənin Kəramət piyaləndən İlahi ilham şərabını içdilər, Sənin razılığını qazanmağa tələsdilər və Sənin Əhdinə və Peymanına vəfa etdilər. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Alim, Ən Hikmətli Allah.

İlahi, mənə Öz kəramətinlə onu qərar ver ki, bu dünyada və ondan sonra mənim ruhani rifahıma səbəb olar və məni Sənə yaxınlaşdırar, Sən Ey bütün insanların Rəbbi. Səndən başqa Allah yoxdur, Sən Vahid, Qüdrətli və Ən Nurlusan.

-Bahá'u'lláh
-----------------------

Əhddə möhkəmlik duaları (#4733)

İlahi! Sənin yolunda bizi sabit-qədəm eylə və ürəklərimizi Sənə itaətdə qüvvətləndir. Üzlərimizi Öz təklik camalına yönəlt və qəlblərimizi vahidliyinin nişanələri il ə fərəhləndir. Bədənlərimizi Öz kəramət libasınla bəzə, gözlərimizdən günahkarlıq pərdəsini qaldır və bizə vəfa piyaləsini içir ki, bütün varlıqların zatı Sənin əzəmətinin hüzurunda Sənin tərifini söyləsin. Sonra, Ya Rəbb, Öz mərhəmətli bəyanınla və İlahi varlığının sirri ilə Özünü aşkar eylə ki, duanın ruhani ləzzəti bizim gəlblərimizi doldursun – o dua ki, sözlərin və hərflərin fövqündə durur, heca və səslərin ahəngindən ucadır – ta ki, hər şey Sənin şəfəqlərinin zühuru qarşısında heçliyə uğrasın.

İlahi! Bunlar o bəndələrdir ki, Sənin Əhdində və Peymanında möhkəm və sabit qaldılar, Sənin Əmrində dəyanət ipindən tutdular və Sənin Əzəmət ətəyindən yapışdılar. Onlara kömək və yardım et, İlahi, Öz lütfünlə onları müvəffəq eylə və Sənə itaətdə onların qurşağını qüdrətinlə bərkit.

Sən Bağışlayan və Mərhəmətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Əhddə möhkəmlik duaları (#4734)

Ey Şəfqətli Allah! Şükürlər Sənə, məni ayıltdın və huşyar etdin. Görən göz verdin və eşidən qulaq əta etdin, səltənətinə istiqamətləndirin və Öz yoluna hidayət etdin. Doğru yolu göstərdin və nicat gəmisinə daxil eylədin. Ey Allah! Məni mətanətli saxla, səbatlı və sədaqətli eylə. Ağır sınaqlardan məni qoru, Əhdi-Peymanının möhkəm qalasında sığınacaq ver və məni hifz eylə. Sən Qüvvətlisən. Sən Görənsən. Sən Eşidənsən.

Sən Ey Mərhəmətli Allah! Mənə elə bir ürək bağışla ki, güzgü təkin Sənin məhəbbətinin işığı ilə nurlansın və mənə elə bir düşüncə bəxş et ki, səmavi iltifat yağışları ilə dünyanı gülşənə çevirsin.

Sən Şəfqətlisən, Mərhəmətlisən. Sən Böyük Lütf Sahibisən.

-`Abdu'l-Bahá
-----------------------

Əhddə möhkəmlik duaları (#4735)

Ey mənim Rəbbim və mənim Ümidim! Öz sevimlilərinə kömək eylə ki, Sənin əzəmətli Əhdində möhkəm olsunlar, Sənin aşkar Əmrində sadiq qalsınlar və Nurlu Kitabında onlara hökm etdiklərini yerinə yetirsinlər, ta ki, onlar hidayət bayraqlarına çevrilsinlər, Yaxınlıq Əhlinin çıraqları, Sənin sonsuz hikmətinin çeşmələri olsunlar və ilahi üfüqdə doğru yol göstərən ulduzlar kimi, yeri işıqlandırsınlar.

Həqiqətən, Sən Yenilməz, Qudrətli və Qüvvət Sahibisən.

-`Abdu'l-Bahá
-----------------------

